Məsələni AzVision.az -a şərh edən hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Rusiyanın Ukraynaya müdaxilə edəcəyi neçə il idi ki, heç kəsdə şübhə doğurmurdu və böyük dövlətlər istəsəydilər, Ukraynanı müharibəyə daha möhkəm formada hazırlaya bilərdilər, lakin bunu etmədilər: “ Görünən odur ki, hissə-hissə silahlar göndərməklə Ukraynanın məğlub, Rusiyanın isə qalib olmamasına çalışırlar. Nəzərə alsaq ki, Rus-Ukrayna cəbhəsinin uzunluğu 2500 km-dir, 4 ədəd HİMARS-ı bu xəttə yerləşdirəsi olsaq, hər 500 km-ə bir ədəd RYAS düşəcək. Bununla nə etmək mümkündür ki?! Ortadakı boşluqlar nə ilə bağlanacaq?!
Halbuki, ABŞ silahlarının Rusiya silahları üzərindəki üstünlüyü aşkardır. Bu gün ABŞ rusların Ukraynaya hücumlarını dayandırmaq istəyirsə, heç olmasa 60 ədəd HİMARS və buna müvafiq sursat Ukraynaya çatdırılmalıdır”.
Nüvə mübahisəsi ciddiləşir: “Newsweek” cəhənnəm ssenarisini cızdı |
Ekspert deyir ki, məsələn, 50 yox, 40 ədəd HİMARS verilərsə, Rusiyanın hücumunun tempi azalar, itkiləri artar. Yox əgər, 20 ədəd verilərsə, rus qoşunları itkilər verməklə yanaşı, yenə də irəliləyərlər. İyirmi ədəddən az verilən HİMARS isə Rusiyanı itkilərə məruz qoysa da, irəliləməsininin qarşısını ala bilməz. Ukraynanın əks-hucuma keçib rusları qovması üçün hətta HİMARS da kifayət etmir, havadan müdafiə və müasir aviasiya vasitələri də verilməlidir.
- Dolayısıyla demək olar ki, Ukraynaya silah verənlər bu müharibənin mümkün qədər çox uzanmasını və hər iki tərəfin mümkün qədər zəifləməsini istəyirlər ,- deyə ekspert fikirlərini yekunlaşdırıb.
Banu Məmmədzadə
AzVision.az üçün